Qiymətli daşlar
Qiymətli daşlar — təbiətdə nadir tapılan, gözəl xarici görünüşə malik minerallar.
Qiymətli daşlar ta qədimdən insanları cəlb etmiş, bu daşlara maraqlı xüsusiyyətlər uydurulmuş, onların müalicəvi əhəmiyyətinə inanmışlar. Məsələn, sapfirin ilanı öldürməsinə, heliotropun insanı gözə görünməz etməsinə, ametisti dilin altına qoyanda sərxoşluqdan qoruduğuna inanmışlar. Qədim Roma yazıçı və alimi Böyük Pliniy (bizim eranın 23–79-cu illər) özünün " Təbiətin tarixi" əsərində əqiq haqqında yazırdı ki, bəzən aqatda Apollon və doqquz muzanı görmək mümkündür, həm də onları "süni yolla ayırmaqla yox, təbiət elə rəng vermişdir ki, hər muzanın öz xüsusiyyətlərini təbii olaraq ayrılıqda görmək olar".
Orta Asiya alimi Biruni (973 −1050-ci illər) yazırdı: " Əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq, və o kor olacaqdır. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir…".
Daşlar haqqında qədim kitablarda –"lapidariya"larda insanların ilkin məlumatları çox primitiv olmuş, inanca əsaslanmışdır. Bütün bunlara baxmayaraq, elə orada bəzi elmi fikirlərin cücərtilərini görmək olar. Misal üçün, almazı dayanıqlığın və cəsarətin, qorxmazlığın, bədbəxtliyə üstün gəlməyin simvolu kimi görürdülər. İndi bir çox insanlara məlumdur ki, almaz ən bərk metalları belə aşılaya bilir.